08.12.2022
06.12. 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə “Şuşa -270” çərçivəsində “Şuşa xalçası” adlı informasiya günü keçirildi.
Oxuculara Xidmət şöbəsinin kitabxanaçısı Nuriyeva Sevda çıxış edərək qeyd etdi ki, Şuşa şəhəri tarixən Qarabağın əsas xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Burada xalça toxuculuğu XVIII əsrin ikinci yarısından başlamış, XIX əsrdən isə yüksək inkişaf dövrü keçirmişdir. Toxunan xalçalar xarici ölkələrə də ixrac olunurdu. Xalça tacirlərinin xüsusi marağına səbəb olan bu nümunələr rəng həllinə və kompozisiya quruluşuna görə çox möhtəşəmdir.
Multimedia mütəxəssisi İmamquliyeva Elnurə qeyd etdi ki,əvvəllər biz bu xalçalara baxdıqda məyusluq və kədər hissi keçirirdik. Səbəb isə bu möhtəşəm xalçaların toxunduğu Şuşa şəhərinin erməni işğalı altında olması idi. 30 ilə yaxın davam etmiş işğal təkcə Şuşada deyil, bütün Qarabağda, düşmənin zəbt etdiyi şəhər və rayonlarımızda maddi mədəniyyətimizə, o cümlədən xalçaçılığın inkişafına böyük zərbə vurmuşdur.
Bu gün isə, müzəffər Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad ediləndən sonra bu rəngarəng, mükəmməl sənət nümunələrimizə heç bir kədər hissi keçirmədən, fəxarətlə baxa bilərik. Ümid edirik ki, tezliklə işğaldan azad olunmuş şəhər və rayonlarımızda toxuculuq mərkəzləri yaradılacaq və xalça sənətimizin inkişafı yeni inkişaf səviyyəsinə yüksələcəkdir.Sonda “Şuşa xalçaları” adlı sənədli film nümayiş olundu.